BAYRAĞIMIZ – MİLLİ QÜRURUMUZUN VƏ MÜSTƏQİLLİYİMİZİN RƏMZİ
Bu gün Azərbaycan xalqı Dövlət Bayrağı Gününü qeyd edir. Üçrəngli bayrağımız yalnız dövlətimizin rəsmi atributlarından biri deyil, həm də milli kimliyimizin, azadlıq iradəmizin və müstəqillik əzmimizin təcəssümüdür. Onun hər dalğalanışında xalqımızın tarixi, mübarizəsi və gələcəyə olan inamı yaşayır.
Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun milli dövlətçilik ideyaları və üçrəngli bayrağı xalqın yaddaşında yaşamaqda davam edib.
1991-ci il fevralın 5-də üçrəngli bayrağımız yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul olunub. Müstəqilliyimizin bərpasından sonra dövlət rəmzimiz ölkəmizin suverenliyinin və milli birliyinin əsas simvollarından birinə çevrilib.
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü elan edilib. Həmin vaxtdan etibarən bu tarix ölkəmizdə rəsmi bayram kimi qeyd olunur.
Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində, beynəlxalq tədbirlərdə, diplomatik nümayəndəliklərimizdə və idman arenalarında qürurla dalğalanır. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra bayrağımızın işğaldan azad edilmiş ərazilərdə ucaldılması dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının rəmzinə çevrildi.
Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər doğma yurdlarımızda dalğalanan üçrəngli bayraq təkcə bir qələbənin deyil, illərlə qorunan milli iradənin, sarsılmaz birliyin və dövlətçilik əzminin ifadəsidir.
Bayraq onu ucaldan xalqın kimliyini, keçmişini və gələcəyə baxışını özündə birləşdirir. Üçrəngli bayrağımız isə Azərbaycan xalqının azad yaşamaq iradəsinin, müstəqil dövlətçilik yoluna sədaqətinin və milli qürurunun əbədi rəmzidir.
Dövlət Bayrağı Günümüz mübarək! Bayrağımız daim ucalarda dalğalansın!
