ADEX 2026: ABŞ, Almaniya və Britaniya nəhəngləri debüt edəcək
Dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkət ADEX 2026-da iştirakını təsdiqləyib. Bu da sərgiyə olan yüksək beynəlxalq marağı aydın şəkildə ortaya qoyur.Bu il ABŞ şirkətlərinin tədbirdə fəal iştirakı xüsusi diqqət çəkir. Belə ki, Birləşmiş Ştatların “SIG SAUER” və “Lockheed Martin” kimi nüfuzlu brendləri ADEX-də ilk dəfə təmsil olunacaqlar.Böyük Britaniya və Almaniya da ilk dəfə iştirakçı ölkələr sırasına qoşulur. Almaniyanı sərgidə tanınmış “Rheinmetall” şirkəti təmsil edəcək. Bütün bunlar ADEX-in beynəlxalq əhatə dairəsinin və nüfuzlu tərəfdaşlarının ildən-ilə artdığını göstərir.

Sərgidə ənənəvi beynəlxalq iştirakçılar da yer alır. Türkiyədən ADEX 2026-nın Baş sponsoru olan “ROKETSAN”, həmçinin “ASELSAN”, “BAYKAR”, “TAI” və “HAVELSAN” tədbirə qatılacaq. İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army”, BƏƏ-dən “EDGE Group” və İspaniyadan “INDRA” da öz stendləri ilə çıxış edəcəklər.
Fərdi şirkətlərlə yanaşı, bir sıra ölkələr sərgidə milli qruplar şəklində təmsil olunacaqlar. Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi müdafiə sənayesi sahəsindəki yeni məhsul və texnoloji həllərini öz milli ekspozisiyalarında nümayiş etdirəcəklər.
