ZƏFƏRİN ALTI İLİ – BİR XALQIN QÜRUR TARİXİ
Tarix elə anlar yaşadır ki, həmin anlar bir xalqın yaddaşından heç vaxt silinmir. 8 Noyabr Azərbaycan tarixində məhz belə günlərdən biridir. Bu tarix yalnız təqvimdə qeyd olunan bayram deyil, illərlə gözlənilən arzunun gerçəkləşdiyi, milli qürurumuzun və birliyimizin bütün dünyaya nümayiş olunduğu möhtəşəm Zəfər günüdür.
Altı il əvvəl Azərbaycan xalqı tarixinin ən böyük sevinclərindən birini yaşadı. 44 gün davam edən Vətən müharibəsi xalqımızın iradəsini, ordumuzun gücünü, birliyimizin sarsılmazlığını ortaya qoydu. Hər gün cəbhədən gələn qələbə xəbərləri milyonlarla insanın qəlbində eyni hissi – qüruru daha da gücləndirirdi. Həmin günlərdə bütün Azərbaycan bir ürək, bir yumruq idi. Hər kəsin dilində eyni söz vardı: Qələbə!
Bu Zəfər Azərbaycan xalqının tarix qarşısında öz sözünü deməsi idi. Uzun illər işğal altında qalan torpaqlarımız azadlığına qovuşdu, üçrəngli bayrağımız doğma yurdlarımızda yenidən ucaldı. Şuşanın azad edilməsi ilə Zəfərimizin taleyi həll olundu, 8 Noyabr isə xalqımızın yaddaşına əbədi qələbə günü kimi yazıldı.
Bu qələbənin arxasında böyük qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisi dayanır. Şəhidlərimizin əziz xatirəsi bu Zəfərin ayrılmaz hissəsidir. Onların adı çəkiləndə yalnız bir qəhrəmanlıq tarixini deyil, həm də azadlığın hansı böyük iradə ilə qazanıldığını xatırlayırıq. Bu gün onların ruhu şaddır, çünki uğrunda can verdikləri Vətən qalibdir!
Zəfərdən altı il ötür. Bu gün Azərbaycan artıq təkcə öz qələbəsini qeyd edən deyil, qalibiyyətini quruculuqla, inkişafla və gələcəyə inamla davam etdirən ölkədir. Azad edilmiş torpaqlarda həyat yenidən canlanır, doğma yurdlarına qayıdan insanların sevinci Zəfərin ən gözəl davamına çevrilir.
8 Noyabr bizə kim olduğumuzu, nəyə qadir olduğumuzu və birlikdə hansı böyük tarix yaza biləcəyimizi göstərdi. Bu tarix hər bir azərbaycanlının qəlbində qürur mənbəyi, gələcək nəsillər üçün isə əbədi örnək olaraq qalacaq.
Bir xalqın birliyi ilə qazanılan, qəhrəmanların qanı ilə yazılan və tarixə qızıl hərflərlə həkk olunan Zəfərimiz mübarək!
