Haitidə dəstə zorakılığı dəhşətli həddə çatıb. Paytaxt Port-o-Prensin yaxınlığındakı Kenskoff yaşayış məntəqəsinə silahlı qruplaşmanın hücumu nəticəsində ən azı 47 nəfər öldürülüb, 50-dən çox insan isə qaçırılıb. Ölənlər arasında azı 5 azyaşlının olduğu bildirilir.Qanlı hücum zamanı cinayətkarlar 25 evi yandırıb, bəzi sakinləri elə öz evlərindəcə qətlə yetiriblər. Əvvəllər nisbətən sakit ərazı sayılan Kenskoffda son aylarda bu cür hücumların sayı kəskin artıb.

Hücumdan dərhal sonra qruplaşma liderlərindən biri sosial şəbəkələrdə girovların görüntülərini paylaşaraq polis rəhbərliyini açıq şəkildə hədələyib. O, hansısa dəstə üzvü öldürüləcəyi təqdirdə girovları da qətlə yetirəcəklərini bəyan edib.BMT-nin son məlumatlarına görə, bu ilin yalnız ilk altı ayında Haitidə 3 mindən çox insan öldürülüb, 1400-dən çox şəxs yaralanıb, 81 nəfər isə girov götürülüb. Tüğyan edən zorakılıq səbəbindən rekord sayda – təxminən 1,5 milyon insan öz evini tərk etmək məcburiyyətində qalıb.Siyasi qeyri-sabitlik, zəif dövlət qurumları və yoxsulluq fonunda güclənən silahlı qruplaşmalar hazırda paytaxtın böyük hissəsinə və əsas yollara nəzarət edir. İnsan oğurluğu və reketlə gəlir əldə edən dəstələr qarşısında dövlət nəzarəti bərpa edə bilmir.
