NEPALDA SEL FƏLAKƏTİNDƏ ÖLƏNLƏRİN SAYI 1204-Ə YÜKSƏLİB
Nepalda ötən həftə baş verən güclü sel və torpaq sürüşmələri ölkədə ağır fəsadlara səbəb olub. Təbii fəlakət nəticəsində ölənlərin sayının 1204-ə yüksəldiyi, 4216 nəfərin isə hələ də itkin hesab olunduğu açıqlanıb. Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumu bildirib ki, hazırda ölkənin ən çox zərər çəkən bölgələrində axtarış-xilasetmə işləri davam etdirilir. Sel sularının apardığı səkkiz müxtəlif ərazidən meyitlərin çıxarıldığı, xilasedicilərin isə itkin düşən şəxslərin axtarışını davam etdirdiyi bildirilib.Fəlakət nəticəsində 301 nəfər yaralanıb. Helikopterlərin və digər hava vasitələrinin də cəlb olunduğu xilasetmə əməliyyatları zamanı 11 min 993 nəfər təhlükəli ərazilərdən təxliyə edilərək xilas olunub. Nuvakot rayonu da daxil olmaqla bir sıra yaşayış məntəqələrində yolların və körpülərin dağılması xilasedicilərin işini çətinləşdirir. Xüsusilə su-elektrik stansiyalarında çalışan yüzlərlə işçinin taleyi ilə bağlı narahatlıq qalmaqdadır.
Qeyd edək ki, fəlakət nəticəsində Nepalda olan xarici ölkə vətəndaşlarının da itkin düşdüyü açıqlanıb. Nepal Xarici İşlər Nazirliyinin məlumatına görə, 324 xarici vətəndaş xilas edilib, 39 ölkədən 590 nəfərin isə hələ də itkin olduğu bildirilir.
Fəlakətdən səkkiz gün keçməsinə baxmayaraq, bir sıra ailələr yaxınlarının taleyindən xəbər gözləyir. Ən çox zərər çəkən bölgələrdə insanlar hərbi hissələrin qarşısında itkin və xilas edilən şəxslərin siyahılarını yoxlayırlar. Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyini və mümkün qədər çox itkin şəxsin tapılması üçün bütün imkanlardan istifadə edildiyini bildirir.
