YENİ TƏDRİS İLİ BAŞLAYIR
Bu gün 15 Sentyabr – Bilik Günüdür. Məktəb həyətlərini dolduran şagirdlərin sevinci, müəllimlərin qüruru və valideynlərin həyəcanı ilə yeni bir tədris ilinə start verilir.Bu il ölkə üzrə ümumilikdə 2,2 milyon təhsilalan dərslərə başlayır. Ən böyük heyəcanı isə ilk dəfə məktəb partası arxasında əyləşən 110 mindən çox birinci sinif şagirdi yaşayır. Əlində çiçək dəstəsi ilə sinif otağına addımlayan balacalar üçün bu gün böyük dünyaya açılan ilk qapıdır.Məktəb yalnız kitab-dəftər və imtahanlardan ibarət deyil. O, insanın şəxsiyyət kimi formalaşdığı, dostluğu, məsuliyyəti və cəmiyyətdə öz yerini tutmağı öyrəndiyi ən vacib ocaqdır. Elm və savad bir millətin gələcəyini müəyyən edən ən böyük qüvvədir.Başda ilk addımlarını atan birincilər olmaqla bütün şagirdlərimizə zehin açıqlığı və böyük uğurlar arzulayırıq. Müəllimlərimizə bu şərəfli yolda səbir, valideynlərə isə qürur dolu bir tədris ili diləyirik.Bilik Gününüz mübarək olsun!
