SƏKKİZ AYDA AZƏRBAYCANA 955,4 MLN DOLLARLIQ AVTOMOBİL İDXAL OLUNUB
Bu ilin ilk 8 ayında Azərbaycana 955 milyon dollar dəyərində 48 min 398 avtomobil idxal olunub. İdxal olunan avtomobillərdən 637-si elektrik mühərrikli nəqliyyat vasitələridir. Bu avtomobillərin ümumi idxal dəyəri isə 16 milyon 550 min dollar təşkil edib. İdxal olunan avtomobillər arasında yük və xüsusi təyinatlı nəqliyyat vasitələri də yer alır. Səkkiz ay ərzində ölkəyə 44,7 milyon dollar dəyərində 4 min 745 yük avtomobili və 50,9 milyon dollar dəyərində 430 xüsusi təyinatlı avtomobil gətirilib. Elektrik avtomobilləri daha aşağı istismar xərcləri ilə avtomobil bazarında diqqət çəkir. Azərbaycanda da elektrik nəqliyyatından istifadənin dəstəklənməsi dövlət siyasətinin istiqamətlərindən biridir. Bu proses həm fərdi avtomobilləri, həm də ictimai nəqliyyatı əhatə edir. Elektrik avtomobillərinin qiymətinə gömrük rüsumları və vergilər də təsir göstərir. Zavod buraxılış tarixindən üç ilədək keçmiş tam elektrik mühərrikli minik avtomobillərinin idxalı gömrük rüsumundan azaddır. Digər elektrik minik avtomobillərinə isə 15 faiz gömrük rüsumu tətbiq olunur. Lakin gömrük rüsumunun sıfır olması avtomobilin bütün vergilərdən azad edilməsi demək deyil. 2026-cı ildən idxal olunan elektrik minik avtomobillərinə əvvəlki ƏDV güzəşti tətbiq edilmir. Bu nəqliyyat vasitələrinə ümumi qaydada 18 faiz ƏDV hesablanır.
