I TÜRK DÜNYASI BƏSTƏKARLARI QURULTAYI ÇƏRÇİVƏSİNDƏ YENİ BİRLİK YARADILIB
I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb. Türk Dünyası Bəstəkarlar Birliyi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri tərəfindən təsis edilib. Birliyin təsis edilməsi Bakı Bəyannaməsinin imzalanması ilə rəsmiləşdirilib. Bununla da bəstəkarlar, musiqişünaslar, ifaçılar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsası qoyulub.
Tədbirin açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurultayın Türk dünyasının musiqi ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, məqsəd musiqi təşkilatlarını bir araya gətirmək, onlar arasında peşəkar əməkdaşlığın inkişafına töhfə verməkdir.
Tədbirin sonunda iştirakçılara üzvlük vəsiqələri və sertifikatlar təqdim olunub.
Xatırladaq ki, I Türk Dünyası Bəstəkarları Qurultayı 18–20 sentyabr 2026-cı il tarixlərində XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilir. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO-nun Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası ilə birgə həyata keçirilir.
