27 Sentyabr: Zəfərin Qanla Yazılan Qürur Sahifəsi
Tarixin elə məqamları var ki, orada zaman dayanır, sözlər tükənir və yalnız sükut danışır. 27 Sentyabr – millətin qəddini dikəltdiyi, illərlə içində gəzdirdiyi nisgili, həsrəti qürura və zəfərə çevirdiyi anın başlanğıcıdır.
Bu gün həm dərin bir kədərin, həm də sonsuz bir qürurun günüdür. Kədərlidir, çünki bu torpağın hər qarışında evlərinə bir daha dönməyən oğulların, yarımçıq qalmış sevgilərin, atasız böyüyən körpələrin, gözü yolda qalan anaların ahı var. Kövrəlməmək, içdən gələn bir göynəti ilə sarsılmamaq mümkün deyil.
Amma bu kədər acizlik deyil, müqəddəs bir ehtiramdır. Çünki o oğullar başımızı dik tutmağımız, torpağımızın tamlığı, azadlığımız üçün canlarını sipər etdilər. Onlar sadəcə şəhid olmadılar; bir xalqın sınmış qürurunu bərpa etdilər, gələcək nəsillərə azad bir vətən irs qoydular.
Şəhidlik – ölümün bitdiyi, əbədiyyətin başladığı zirvədir. Vətən uğrunda canından keçən hər bir qəhrəmanın xatirəsi bizim üçün təkcə bir xatırlama deyil, hər addımımızda çiynimizdə daşıdığımız böyük bir məsuliyyətdir.
Qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik. Ruhları şad, məkanları cənnət olsun.
