VƏTƏN MÜHARİBƏSİNDƏN KEÇƏN 6 İL…
İkinci Qarabağ müharibəsindən, o unudulmaz 44 gündən artıq 6 il ötür.
Zaman keçir, amma o günlərin hər anı, hər saniyəsi yaddaşımıza qızıl və qan hərfləri ilə həkk olunub.
O 44 gündə nələr gördü gözümüz, nələr çəkdi başımız. Hər səhər “görəsən bu gün haradan xoş xəbər gələcək?” ümidi ilə gözümüzü açsaq da, ürəyimiz hər an həyəcanla, nigaranlıqla döyünürdü. Qulağımız cəbhədən gələn son xəbərlərdə, gözümüz ekranda qalmışdı. Qovşaq-qovşaq, kənd-kənd azad olunan torpaqlarımızın xəbərini alanda sevinc göz yaşları axıtdıq, amma həm də hər qarış torpaq üçün canını fəda edən oğullarımızın acısını ürəyimizdə daşıdıq.
Gözümüz gənc yaşında şəhidlik zirvəsinə ucalan igidlərimizin tabutlarını gördü. Anaların fəryadını, ataların dik durmağa çalışan, amma içdən sınan qamətini, körpələrin yetim qalan baxışlarını gördü. Raket hücumları altında gecələyən şəhərlərimizi, dinc sakinlərimizin acısını gördü bu millət. Başımız nə fırtınalar, nə ağır imtahanlar çəkdi… Hər evdən bir dua ucaldı, hər ürəkdən bir fəryad qopdu.
Amma bütün bu acıların, çətinliklərin, gecələr boyu çəkilən yuxusuzluqların və nigaranlıqların sonunda bir gün gəldi ki, bütün çəkilən dərdləri bir anda unuldurdu.
Biz o böyük Zəfərə qovuşduq!
30 illik həsrətə, illərlə içimizdə gəzdirdiyimiz o ağır yükə son qoyuldu. Ordumuzun şücaəti, şəhidlərimizin qanı və xalqımızın birliyi sayəsində başımızı dik tutduq. O gün gözümüzdən axan yaşlar artıq acının deyil, qürurun və zəfərin yaşları idi.
Bu gün 6 il geriyə baxanda bir daha anlayırıq ki, o ağır günlərdən keçib gəldiyimiz bu Zəfər sadəcə bir hərbi qələbə deyil, bir millətin dirçəlişi, namus və qürur davasının Zəfərdir.
