BİR OBYEKT UCALDI, AĞACLAR YOX OLDU: BADAMDARDA NƏ BAŞ VERİR?
AvazMedia Baku TV-ə istinadən xəbər verir ki, Bakının Səbail rayonunun Badamdar qəsəbəsində cəmi 3-4 ay əvvəl inşa edildiyi bildirilən obyekt ətrafında narazılıq yaranıb. İddia isə kifayət qədər ciddidir: geniş ərazini əhatə edən obyektin tikintisi zamanı ərazidəki ağacların məhv edildiyi bildirilir. Yəni söhbət sadəcə yeni tikilidən getmir. İddialara görə, obyektə yer açmaq üçün əvvəlcə həmin ərazidəki yaşıllıq aradan qaldırılıb. Bir tərəfdə qısa müddətdə ucaldılan obyekt, digər tərəfdə isə illərlə böyümüş ağacların yoxluğu…
Ən böyük sual da elə budur: bu ağaclar obyekt tikintisi üçünmü məhv edilib? Əgər belədirsə, buna kim razılıq verib?
Çünki söhbət bir-iki ağacdan getmir. Geniş ərazini əhatə edən tikinti üçün yaşıllıq sahəsinin məhv edilməsi şəhərin ekologiyasına birbaşa təsir edən məsələdir. Bir obyekt bir neçə aya tikilə bilər. Amma illərlə böyüyən ağacı bir neçə aya geri qaytarmaq mümkün deyil.
Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi, Bakıda ağac əkmək və onu yetişdirmək insan böyütməyə bərabərdir. Elə isə illərlə böyüyən ağacların bir tikiliyə yer açmaq naminə məhv edilməsi iddiası necə izah olunur?
Bu gün ağac kəsilir, ərazidə obyekt ucalır. Sabah isə həmin betonun arasında yaşıllıq axtarılır. Halbuki ağac sadəcə torpaqda bitən canlı deyil. O, şəhərin nəfəsidir.
Əgər səsləndirilən iddialar təsdiqini taparsa, ortaya daha ciddi suallar çıxır: Ağacların məhv edilməsinə icazə verilibmi? Bir obyektin tikintisi naminə yaşıllığın məhv edilməsinə kim cavabdehdir?
Çünki obyekt tikmək mümkündür. Amma məhv edilən illərin yerinə yeni ağac yetişdirmək o qədər də asan deyil.
