İSTANBULDA 7 MƏRTƏBƏLİ BİNANIN ALT MƏRTƏBƏLƏRİ ÇÖKÜB: ÖLƏNLƏR VAR
İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində qeydə alınan hadisə yerinə dərhal AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.
Binanın çökməyən yuxarı mərtəbələrində köməksiz qalan sakinlər xilasedicilər tərəfindən təhlükəsiz şəkildə təxliyə olunublar.
Türkiyə mətbuatına və “TRT Haber”ə istinadən verdiyi məlumat veririk ki, dağıntılar altında qalan 14 nəfərdən indiyədək 10 nəfər xilas edilib. Təəssüf ki, hadisə nəticəsində 2 nəfər həlak olub. Hazırda dağıntılar altında qalan digər 2 nəfərin də xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil, faktla bağlı araşdırma başlanılıb.
