MƏKTƏBLƏRDƏ DİNİ TƏBLİĞAT HÜQUQİ MƏSULİYYƏT YARADIR: YAD İDEOLOGİYALARA YER YOXDUR
Sosial şəbəkələrdə məktəblərin birində müəllimin tədris prosesi zamanı şagirdlərə İranın keçmiş ali dini lideri Əli Xamenei haqda mahnı oxutdurmasını əks etdirən görüntülər yayılıb. Videoçarxda sinif otağında dövlət bayrağının tərs asılması və şagirdlərin dini kontentli ifadələrə cəlb edilməsi kəskin etirazlara səbəb olub.
Ekspertlərin və ictimaiyyətin fikrincə, təhsil müəssisələrində dərs proqramından kənara çıxaraq şagirdlərə yad dini ideologiyaların və başqa ölkələrin siyasi baxışlarının təbliğ olunması qəbulolunmazdır. Təhsil ocaqları yalnız dövlət tərəfindən təsdiqlənmiş tədris standartlarına və milli-mənəvi dəyərlərə xidmət etməlidir.
Bu cür halların qarşısının alınması, şagirdlərin radikal və ya yad təsirlərdən qorunması üçün dövlət səviyyəsində dərhal adekvat, sərt və hüquqi tədbirlərin görülməsi qanunauyğun və zəruri bir addımdır. Məktəblərdə dövlət atributlarına hörmətsizlik göstərilməsinə və kənar ideoloji təbliğata keçid verilməsinə yol verilə bilməz.
