Xəzər rayonunda yarımtikilidə qalaq-qalaq yığılmış xalçalar sakinlərin narazılığına səbəb olub. Təmizlənmək üçün şirkətə təhvil verilən xalçaların yağışın, palçığın və toz-torpağın içində qalması narahatlıq yaradıb.
Sakinlərin sözlərinə görə, təmizlənməsi üçün ödəniş etdikləri xalçalarının təmizlənib qaytarıılmasını aylarla gözləsələr də, əşyalarını vaxtında geri ala bilməyiblər. Nəticədə xalçaların sözügedən ərazidə olduğu məlum olub. Beləliklə, bəziləri xalçalarını tapmaq üçün özləri əraziyə gəlməli olublar.
Lakin xalçalar təhvil verilmir.Açıq havada və yarımtikilidə saxlanılan xalçaların vəziyyəti ilə bağlı yaranan narazılıqdan sonra onların sahiblərinə təhvil verilməsi ilə bağlı məlumat verilib.
DİN-dən bildirilib ki, həftənin birinci günündən, saat 10:00-dan etibarən sakinlər xalçalarını geri götürə biləcəklər. Bunun üçün onlar xalçaların təhvil verilməsini təsdiqləyən qaimələri təqdim etməlidirlər.
Beləliklə, aylardır xalçalarını gözləyən sakinlər üçün onları geri götürmək imkanı yaranır. Odur ki, sakinlər aylardı gözlədikləri, axtardıqları xalçalarını bir gün də səbr edərək əldə edə bilərlər.
