“SOCAR-AQŞ”NİN KEÇMİŞ BAŞ DİREKTORUNUN 100 MİLYONLUQ SƏRVƏTİ MÜSADİRƏ OLUNDU: ƏMLAK SİYAHISI AÇIQLANDI
“SOCAR-AQŞ”nin 54 milyon manatlıq mənimsəmədə təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilən keçmiş baş direktoru Ramin İsayevin ümumi dəyəri təxminən 100 milyon manat olan əmlakı müsadirə edilib. O, müsadirə olunan əmlakın həcminə görə XXI əsrin “rekord”una imza atan sabiq məmurlardandır.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Ramin İsayevin qanunsuz yollarla əldə edərək müsadirə olunan geniş əmlak siyahısı təqdim olunur:
Pul vəsaitləri və qiymətli əşyalar
- Xarici valyuta və manat: 6 milyon 257 min ABŞ dolları, 352 min manat, bank hesabında olan 133 min manat, 18 min 495 avro, 11 min 565 funt-sterlinq, eləcə də rubl, çex kronu, dirhəm və digər xarici valyutalar.
- Qızıl və zinət əşyaları: 34 ədəd “Azərgold” qızıl külçəsi, “Frey Wille” markalı boyunbağı, üzük və sırğalar, həmçinin “Van Cleef & Arpels” qolbaq və sırğa dəsti.
Daşınmaz əmlaklar (Mənzil və evlər)
Bakının 8 rayonunu əhatə edən 19 mənzil və fərdi ev müsadirə olunub:
- Nəsimi rayonu: 5 mənzil
- Binəqədi rayonu: 4 mənzil
- Nərimanov rayonu: 4 mənzil
- Suraxanı rayonu: 1 mənzil və 1 fərdi ev
- Yasamal rayonu: 1 mənzil
- Səbail rayonu: 1 mənzil
- Xəzər rayonu: Buzovna qəsəbəsində 1 ev
- Sabunçu rayonu: Nardaran qəsəbəsində, “Sea Breeze” kompleksində 1 mənzil
Qeyri-yaşayış sahələri və torpaqlar
- Obyektlər: Yasamal rayonu Kamal Rəhimov küçəsində 4 böyük obyekt, eləcə də Nəsimi, Səbail və Binəqədi rayonlarında ümumilikdə 3 qeyri-yaşayış sahəsi.
- Torpaq və qarajlar: Nəsimi rayonunda 2 qaraj, Binəqədi, Səbailin Badamdar və Sabunçu rayonunun Bilgəh qəsəbələrində torpaq sahələri.
- Avtomobil: “Audi E-Tron” markalı minik maşını.
Qeyd edək ki, xüsusi müsadirə edilən əmlakın bir hissəsi dövlətə dəyən 54 milyon manatlıq ziyanın ödənilməsinə yönəldiləcək, qalan hissə isə dövlət nəfinə alınacaq. İcra məmurlarının yaxın vaxtlarda həmin əmlakları satışa çıxaracağı gözlənilir. Hökm artıq qanuni qüvvəyə minib.
