“20 SENTYABR” STANSIYASI İLİN SONUNDA FƏALİYYƏTƏ BAŞLAYACAQ
Bakıda 2030-cu ilədək 10 yeni metro stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan “20 Sentyabr” stansiyasının tikintisinin bu il tamamlanması planlaşdırılır, digər doqquz stansiyanın layihələndirilməsi isə yekunlaşmaq üzrədir.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Bənövşəyi xəttin 5-ci stansiyasının 2026-cı ildə tamamlanması nəzərdə tutulur. Cəlil Məmmədquluzadə küçəsində yerləşən, layihə adı “B-04” olan stansiya Nazirlər Kabinetinin 4 sentyabr 2026-cı il tarixli qərarı ilə “20 Sentyabr” adlandırılıb. Hazırda stansiyada tikinti işləri son tamamlama mərhələsindədir, memarlıq tərtibatı və abadlaşdırma işləri davam etdirilir. Digər 9 stansiyanın layihələndirmə işləri də yekunlaşmaq üzrədir.
Qurumdan bildirilib ki, avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb. İşlərin təxminən 11 ay davam etməsi planlaşdırılır. Təxminən 200 metrlik tunelin inşası ilə əlaqədar xətlər üzrə müstəqil hərəkət qrafikləri tətbiq edilib. Hazırda Yaşıl xətt üzrə qatarlararası interval 3 dəqiqə 30 saniyə, Qırmızı xətt üzrə isə 2 dəqiqə 30 saniyə təşkil edir.
Sərnişin sıxlığının azaldılması üçün qatarlararası intervalların daha da qısaldılması imkanları araşdırılır. Eyni zamanda, stansiyalardakı videomüşahidə sistemlərindən əldə olunan məlumatların süni intellekt vasitəsilə təhlili üçün həllər hazırlanır. Bu texnologiyaların sərnişin axınının və sıxlıq səviyyəsinin operativ qiymətləndirilməsinə, eləcə də mövcud resurslardan daha səmərəli istifadəyə imkan verəcəyi gözlənilir.
