VƏTƏN MÜHARİBƏSİNİN 35-Cİ GÜNÜ: DÜŞMƏNİN KƏŞFİYYAT-DİVERSİYA QRUPU MƏHV EDİLDİ
2020-ci il oktyabrın 31-i – bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin 35-ci günü Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində üstünlüyü qoruyub saxlamaqla yanaşı, düşmənin növbəti təxribat cəhdinin qarşısını qətiyyətlə alıb. Oktyabrın 30-dan 31-nə keçən gecə və gün ərzində Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi və mövqelərimizi artilleriya və raketlərdən atəşə tutmaqda davam edib, döyüşlər əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində gedib. Gecə və gündüz ərzində keçirilən əməliyyatlar nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, beş “T-72” tankı, üç ədəd PDM, iki ədəd “Smerç” və üç ədəd “Qrad BM-21” yaylım atəşli reaktiv sistemi, 15 ədəd müxtəlif tipli top, bir ədəd “Osa” zenit-raket kompleksi, bir ədəd radioelektron mübarizə stansiyası və üç ədəd avtomobil texnikası məhv edilib. Səhər saat 06:00-dan etibarən Tərtər, Ağdam və Ağcabədi rayonları yenidən düşmən atəşinə məruz qalsa da, günorta saatlarında Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupunun müdafiə xəttimizə yaxınlaşmağa göstərdiyi təxribat cəhdinin qarşısı dərhal alınıb. Azərbaycan Ordusunun açdığı birinci atəş zərbəsi ilə düşmənin texnikası sıradan çıxarılıb, pərən-pərən düşən hərbçilərin qaçmaq üçün minməyə çalışdıqları ikinci – içərisi silahlı şəxslərlə dolu “KamAZ” markalı avtomobil də dəqiq zərbə ilə məhv edilib. Ordumuz ön xətdə qəhrəmanlıq göstərərkən, Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində erməni təxribatlarının iyul, avqust və sentyabr aylarındakı xronologiyasını faktlarla açıqlayaraq müharibənin məhz düşmən tərəfindən başladıldığını bütün dünyaya bir daha sübut edib və müharibənin 35-ci günündə də strateji üstünlüyün tamamilə Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verib.
