“HALLOWEEN”DƏ UŞAQLARIN KONFETİNDƏ MIX, İYNƏ, SANCAQ ÇIXDI
“Halloween” gecəsi uşaqlara paylanan şirniyyatların içindən mıx, iynə v ə sancaq çıxması Avropa və Amerikada böyük qorxu yaradıb.
AvazMedia xarici KİV-ə istinadla xəbər verir ki, hadisələr Avstriya, Almaniya, Kanada və ABŞ-də eyni günlərdə qeydə alınıb.
İlk hadisə Avstriyanın Lins şəhərində baş verib. Belə ki, Linz-Oed yaşayış massivində uşaqlar qonşu evləri gəzərək şirniyyat toplayıblar. Bu zaman uşaqların valideynlərindən biri evdə konfetləri yoxlayarkən dəhşətli mənzərə ilə qarşılaşıb. Onlar şokolad barlarının və yumşaq konfetlərin içində təxminən 2,5 sm uzunluğunda kiçik mıxlar aşkar ediblər. Ata mıxları vaxtında aşkar etdiyi üçün uşaqlar xəsarət almayıb. Məlumata görə, mıxlar elə yerləşdirilib ki, bəzilərini kənardan baxmaqla görmək mümkün olmayıb.
Hadisə ilə bağlı cinayət işi açılaraq, fakt üzrə araşdırmalara başlanılıb.
Almaniyada Bavariya və Nürnberq şəhərlərində də oxşar hadisələr yaşanıb. Valideynlər şokoladların içindən kiçik metal mıxlar, vintlər və tikiş iynələri tapıblar. Bəzi şirniyyatların üzərinə maqnit yapışdırıldığı da bildirilir.
Alman polisi də hadisələri araşdırır.
Xoşagəlməz hadisə Kanadanın Toronto şəhərində də yaşanıb. Belə ki, Barry Horn adlı ata uşaqlarının yığdığı konfetləri maqnitlə yoxlayaraq, 5 fərqli konfetin içində iynə və sancaq tapıb. İynələr məşhur “Snickers”, “KitKat” və “Cadbury” şokoladlarının içində gizlədilib.
Fakt üzrə polislər tərəfindən araşdırmaya başlanılıb.
ABŞ-nin Nebraska ştatının Skotsblaff şəhərində də bir uşaq “Snickers” şokoladının içində 2,5 sm-lik mıx tapıb. Ölkənin İllinoys ştatında isə bağlaması açılmamış konfetlərin içindən saç sancaqları və naqillər çıxıb.
Məsələ ilə bağlı polis və ekspertlər bildiriblər ki, bu istehsalat xətası deyil, şirniyyatlar kimsə tərəfindən qəsdən, zərər vurmaq məqsədilə pozulub.
Hadisədən sonra valideynlərə aşağdakı xəbərdarlıqlar edilib:
– Uşaqların gətirdiyi konfetləri mütləq yoxlayın;
– Qablaşdırmada kiçik deşik, yenidən yapışdırılma izi varsa, atın;
– Şübhəli konfeti uşağa verməyin.
Araşdırmalar davam edir.
