GƏNCƏDƏ DƏHŞƏTLİ QƏTL: OĞUL ANASINI BAZARDA BIÇAQLAYARAQ ÖLDÜRDÜ
Gəncə şəhərində ağır cinayət hadisəsi baş verib. Nizami Gəncəvi prospekti ilə İsa Məmmədov küçəsinin kəsişməsində yerləşən bazardakı geyim mağazalarından birində 44 yaşlı Ramin İsmayılov anası, 1962-ci il təvəllüdlü Laləzər Verdiyevaya bıçaqla xəsarətlər yetirib.3 bıçaq zərbəsi alaraq ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya çatdırılan 64 yaşlı qadına tibbi yardım göstərilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin bəzi detalları da məlum olub. Belə ki, Ramin İsmayılov günorta saatlarında anasının işlədiyi mağazaya gəlib. Bu zaman tərəflər arasında mübahisə düşüb. L.Verdiyeva yeganə övladından qeyri-rəsmi münasibətdə olduğu qadından ayrılmasını tələb edib. Mübahisənin böyüməsi nəticəsində R.İsmayılov anasına 3 bıçaq zərbəsi vurub.Hadisə şahidləri və mərhumun iş yoldaşları L.Verdiyevanın çox sakit bir insan olduğunu bildiriblər. Qeyd edək ki, qadının həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişibmiş.Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən Ramin İsmayılov saxlanılıb.Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
