NÖVBƏTİ BAL YARMARKASI KEÇİRİLƏCƏK
Bakıda Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata əsasən, yarmarkada iştirak üçün qeydiyyat 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-a qədər bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2026-ci il sentyabr ayının 1-nə qədər minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanan arıçılara isə SMS vasitəsilə məlumat veriləcək. Arıçı fermerlərin hər biri yarmarkada maksimum 450 kq bal və 30 ədəd şan satışa çıxara bilər. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən məhsullardan saxaroza nümunələri götürülərək laboratoriya şəraitində yoxlanılacaq. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq. Yarmarkaya müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi eyni zamanda digər zəruri xidmətlərlə təmin olunacaqlar.
