FORMULA 1 VƏ FORMULA 2 AZƏRBAYCAN QRAN-PRİSİ START GÖTÜRDÜ
Bakıda Formula 1 və Formula 2 üzrə Azərbaycan Qran-Prisinin yarış həftəsi bu gün start götürdü
Builki mərhələnin proqramında əvvəlki illərdən fərqli olaraq müəyyən dəyişikliklər edilib.
Sentyabrın 24-də Formula 2 pilotları əvvəlcə saat 10:00-da sərbəst yürüşdə iştirak edəcəklər. Günün ikinci yarısında isə saat 14:00 və 14:30-da iki sıralama sessiyası keçiriləcək. Formula 1-də ilk sərbəst yürüş 12:30-13:30, ikinci məşq sessiyası isə 16:00-17:00 arasında təşkil olunacaq.
Yarış proqramı sentyabrın 25-də də davam edəcək. Həmin gün Formula 2-də sprint və ilk əsas yarış keçiriləcək. Formula 1 üzrə isə üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Azərbaycan Qran-Prisinin əsas yarışı sentyabrın 26-da saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Bakı bu il Formula 1 Azərbaycan Qran-Prisinə 10-cu dəfə ev sahibliyi edir.
Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə Avropa Qran-Prisi adı altında keçirilib. Növbəti ildən etibarən Bakı mərhələsi Azərbaycan Qran-Prisi adı ilə Formula 1 təqviminə daxil edilib. 2020-ci ildə isə COVID-19 pandemiyası ilə əlaqədar yarış baş tutmayıb.
Bakı Şəhər Halqasının ümumi uzunluğu 6,003 kilometrdir. Əsas yarış zamanı pilotlar 51 dövrə vuracaq və ümumilikdə 306 kilometrdən çox məsafə qət edəcəklər. Əks istiqamətdə hərəkət edilən trasda 20 döngə yerləşir.
Küçə trası dar hissələri, uzun sürət düzlükləri və baryerlərin yarış xəttinə yaxın olması ilə seçilir. İçərişəhər divarları boyunca yerləşən hissədə trasın eni 7,6 metrədək azalır. Bu xüsusiyyət pilotların diqqətini və dəqiqliyini daha da artırır.
Bakı mərhələsi əvvəlki illərdə də gözlənilməz nəticələri ilə yadda qalıb. Azərbaycan Qran-Prisində iki dəfə qalib gələn pilotlar sırasında Maks Ferstappen və Serxio Peres də var. Ferstappen 2022 və 2025-ci illərdə, Peres isə 2021 və 2023-cü illərdə Bakıda qalib olub.
Çempionatın lideri Kimi Antonelli isə Azərbaycan mərhələsinə 81 xallıq üstünlüklə çıxır. Mercedes komandasının pilotu mövsümün ilk 14 yarışının səkkizində qalib gəlib. Antonelli sonuncu mərhələ olan Madrid yarışında da birinci yeri tutub.
Bu il Formula 2 üzrə Bakı mərhələsində də fərqli yarış formatından istifadə ediləcək. Cari mövsümdə Formula 2-nin yeganə dəstək seriyası kimi keçirilən Bakı mərhələsində cümə axşamı iki sıralama sessiyası, cümə günü sprint və ilk əsas yarış, şənbə günü isə ikinci əsas yarış təşkil olunacaq.
