GÖYGÖLDƏ KANALDA QANLI DAVA: 36 YAŞLI KİŞİ BIÇAQLANDI
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Nadil kəndinin girişində qeydə alınıb. Belə ki, sözügedən ərazidə iki nəfər arasında mübahisə düşüb. Mübahisə zamanı onlardan biri digərinə bıçaqla xəsarət yetirib.
Araşdırma zamanı məlum olub ki, Göygöl rayonunun Xəqani kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Mehdiyevi həmkəndlisi – 2008-ci il təvəllüdlü Bəhram Xıdırov aralarında yaranan münaqişə zəminində bıçaqlayıb.
Ürək nahiyəsindən bıçaq xəsarəti alan 36 yaşlı Elvin Mehdiyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Dərhal ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bəhram Xıdırov saxlanılıb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.
