SALYANDA AİLƏ FACİƏSİ: ANA ÖLDÜRÜLÜB, ATA VƏ GƏLİNİ BICAQLANIB
Salyan rayonunda ağır cinayət hadisə baş verib. Rayonun Sarvan kəndində ailənin üç üzvü bıçaqlanıb. Hadisə nəticəsində ana həyatını itirib, ata və gəlin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Hadisə oktyabrın 27-də qeydə alınıb. İlkin məlumata görə, ailənin oğlu – 1998-ci il təvəllüdlü Pərvin İsmayılov anası, atası və qardaşının həyat yoldaşına bıçaqla xəsarətlər yetirib.
Nəticəsində 1971-ci il təvəllüdlü Çiçək Musa qızı İsmayılova aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Onun həyat yoldaşı, 1966-ci il təvəllüdlü Ağabala Ramazan oğlu İsmayılov və gəlini, 1988-ci il təvəllüdlü Təranə Bahadır qızı İsmayılova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən dərhal sonra yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Tibb müəssisəsindən verilən məlumata görə, oktyabrın 27-də saat 13:30 radələrində Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan hər iki pasiyent üzərində cərrahi əməliyyat aparılır. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Cinayəti törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən və hansı motivesiyayla baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
