DAHA BİR TİKTOKER CƏZALANDIRILDI
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən, milli-mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar sərgiləyən daha bir “TikTok” istifadəçisi hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilib.
Göyçay şəhər sakini, 1993-cü il təvəllüdlü Fidan Mahir qızı Hümbətova “TikTok” platformasında açdığı canlı yayımlar zamanı səsləndirdiyi nalayiq ifadələr və əxlaq normalarına zidd hərəkətlərinə görə polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmalar çərçivəsində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatlarında kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər) maddəsi ilə protokol tərtib olunub.
Toplanmış materiallar baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Fidan Hümbətova 500 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, daha əvvəl də “İsican” ləqəbli İsa Quliyev, Məhəmməd Nəsibov və Melisa Əhmədova kimi şəxslər sosial şəbəkələrdə qeyri-etik kontent yaydıqlarına görə inzibati qaydada həbs olunmuşdular.
