ASTARADA TƏHLÜKƏLİ VƏZİYYƏT: BETON PANELLƏR AŞDI, 250 METRLİK ƏRAZİ UÇDU
Astara rayonunun Vaqo kəndində Pensərçayda baş verən torpaq sürüşməsi ciddi təhlükə yaradıb.Aramsız yağışlar nəticəsində çayda su sərfinin artması və bəndlərin dib yamaçlarının yuyulması 16 ədəd beton bəndin dağılaraq torpaq qatı ilə birlikdə çaya tökülməsinə səbəb olub. Hadisə nəticəsində kənddaxili yolun bir hissəsi uçulub.Sakinlərin sözlərinə görə, sovet dövründə – 1988-ci ildə qoyulan beton panellər artıq yararsız vəziyyətdədir. Ötən il müvəqqəti bərpa işləri görülsə də, problem öz həllini tapmayıb. Hazırda 20-ə yaxın evin və uşaqların məktəbə gediş-gəlişinin ciddi təhlükə altında olduğu bildirilir. Sakinlər güclü sel gələcəyi təqdirdə yaxınlıqdakı evlərin tamamilə su altında qalacağından narahatdırlar.Astara Su Melorasiya Sistemləri İstismar İdarəsinin baş mühəndisi Fərid Yusubov bildirib ki, hazırda çaydan saniyədə 4 kubmetr su keçir:> “Gecə saatlarında mövcud bəndlərin 16 ədədi çaya aşıb. Səbəb çayda su sərfi zamanı bəndlərin dibinin yuyulmasıdır. Bu, məhəlləarası gediş-gəliş yolunun kənar hissəsinin uçulmasına səbəb olub”.> Görülən tədbirlər:Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Regional Su və Meliorasiya Xidməti QSC və Layihə İnstitutuna məlumat verilib. İdarənin texniki heyəti və texnikası dərhal əraziyə cəlb olunub, çayda məcratənzimləmə işləri həyata keçirilir.Təhlükəsizlik məqsədilə ərazidə lentlənmə aparılıb, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Cari təmir və bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulur.
