BDU-DA VƏZİFƏDƏ OLAN RAMİZ MEHDİYEVİN QIZI: “VAXTIMIZ YOXDUR”
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində məhkəmə hökmü elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin oktyabrın 22-də çıxardığı qərarla R.Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun yaşı və səhhətindəki problemlər nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza şərti hesab olunub.
Hökmdə R.Mehdiyevin bütün əmlakının müsadirə edilərək dövlət nəfinə keçirilməsi, həmçinin dövlət təltiflərindən məhrum olunması üçün müvafiq təqdimat göndərilməsi qərara alınıb. Bundan əlavə, oktyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti onun akademiya üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.
Baş verən proseslərlə əlaqədar onun qızı, Bakı Dövlət Universitetinin kafedra müdiri Kamilə Əliyeva mətbuatın suallarını cavablandırmaqdan imtina edib. O, “Vaxtımız yoxdur, danışmaq da istəmirəm” deyərək telefonu qapadıb.
