BU ŞİRKƏTDƏ İNSAN DÖVRÜ BİTDİ: 5000 İŞÇİNİ ROBOTLAR ƏVƏZ EDİR
Britaniyanın nəhəng maliyyə qurumu “Barclays” bankı 2026-cı ilin sonuna qədər qlobal işçi qüvvəsinin təxminən 5%-ni təşkil edən 5000 iş yerini ixtisar etməyi planlaşdırır.
AvazMedia Xarici KİV-ə istinadən xəbər verilir ki, bu addım əməliyyatların sadələşdirilməsi, səmərəliliyin artırılması və daxili proseslərin süni intellekt (AI) texnologiyaları ilə əvəzlənməsi məqsədilə atılır.
Bankın rəsmi açıqlamasına əsasən, nəzərdə tutulan ixtisarların təxminən 60%-i proqram təminatı tərtibatçıları və arxa ofis (back-office) kimi dəstək funksiyalarını əhatə edəcək.
Rəhbərlik süni intellektin tətbiqi sayəsində mövcud komandanın daha məhsuldar işləyəcəyini və eyni iş həcminin daha az insan resursu ilə idarə olunacağını bildirib.
“Quilter Cheviot” şirkətinin maliyyə analitiki Uill Houlet (Will Howlett) mövzu ilə bağlı qeyd edib ki, bu qərar yaxın bir neçə ildə süni intellekt və avtomatlaşdırmanın bank sektorunu nə qədər əhəmiyyətli dərəcədə dəyişdirə biləcəyini göstərir:
“Banklar illərdir texnologiyaya böyük investisiyalar yatırırlar. İndi isə getdikcə elə bir nöqtəyə çatırıq ki, bu sərmayələr biznesi idarə etmək üçün daha az insanın tələb olunması ilə nəticələnir. ‘Barclays’ həyata keçirdiyi səmərəlilik tədbirləri sayəsində 1,1 milyard funt-sterlinqdən (təxminən 1,31 milyard avro) çox qənaət əldə etməyi hədəfləyir. Bu isə birbaşa xərclərin azaldılmasına və qurumun gəlirliliyinin artmasına kömək edəcək”.
Qeyd edək ki, bankın modernizasiya planı çərçivəsində sözügedən 5000 ixtisardan ilin ilk yarısında artıq 1000-i həyata keçirilib, qalan hissəsinin isə növbəti dövrlərdə tamamlanması planlaşdırılır.
