CEYHUN BAYRAMOV FRANSALI HƏMKARI İLƏ GÖRÜŞÜB
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.
Görüşdə ikitərəfli münasibətlər, Azərbaycan-Avropa İttifaqı əlaqələri, regional təhlükəsizlik vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı Sərəncamla Fransa vətəndaşı Martin Ryan əfv edilərək cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ryan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
