DÜNYA BAZARLARINDA NEFTİN QİYMƏTİ 94.65 DOLLARA ÇATIB
ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması Yaxın Şərqdən neft tədarükünün pozulacağı ilə bağlı narahatlıqları artırıb. Bu səbəbdən daxili və dünya bazarında neft qiymətləri 4 dollardan çox bahalaşaraq son 5 həftənin ən yüksək səviyyəsinə çatıb.
“Brent” markalı neftin bir barelinin qiyməti 4 dollar 16 sent, yaxud 4,6 faiz artaraq 94 dollar 65 sent olub.
Bu, “Brent” üçün iyulun 23-dən bəri ən yüksək bağlanış qiymətidir. ABŞ-ın İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun mövqelərinə yeni hava zərbələri endirməsi bazarda daha genişmiqyaslı qarşıdurma və uzunmüddətli enerji təchizatı problemləri ilə bağlı narahatlığı gücləndirib.
İran isə Körfəz ölkələrindən neft ixracının qarşısını alacağını bildirərək mövqeyindən geri çəkilməyib. Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp İranı yeni hücumlara görə sərt cavab tədbirləri ilə hədələyib, ABŞ maliyyə naziri Skott Bessent isə Vaşinqtonun yeni sanksiyalar tətbiq etməyə hazırlaşdığını açıqlayıb.
Neft bazarında əsas narahatlıq dünyanın ən mühüm enerji marşrutlarından biri olan Hörmüz boğazından tədarükün daha uzun müddətə dayanması ehtimalıdır. Daha əvvəl boğazdan keçən iki tankerin hücuma məruz qalması barədə məlumatlar da qiymətlərin yüksəlməsinə təsir göstərib.
Qarşıdurmanın nəticələri dizel bazarında da özünü göstərib. ABŞ-da dizel qiyməti 52 ayın ən yüksək səviyyəsinə qalxıb və son 10 həftədə 51 faiz artıb.
Ekspertlər ABŞ-da neft ehtiyatlarının da bazarın diqqət mərkəzində olduğunu bildirirlər. Avqustun 28-də başa çatan həftə ərzində kommersiya ehtiyatlarının təxminən 800 min barel azalacağı proqnozlaşdırılır ki, bu da son 5 həftədə ilk azalma ola bilər.
