ƏSGƏR YANINA GEDƏN AİLƏYƏ AĞIR ZƏRBƏ: YEZNƏ VƏ QAYNANA QƏZADA ÖLDÜ
Biləsuvarda əsgər ziyarətinə gedən ailənin iştirakı ilə dəhşətli yol qəzası baş verib. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər isə ağır xəsarət alıb.
Faciə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 40 yaşlı Tacəddin Yusifov idarə etdiyi “Toyota” markalı avtomobilin idarəetməsini itirərək kanala aşıb.
Qəza nəticəsində sürücü Tacəddin Yusifov və sərnişini – qaynanası, 60 yaşlı Tovuz Axundova hadisə yerində dünyalarını dəyişiblər. Avtomobildə olan digər sərnişinlər – Kənan, Aynur və Yusif Yusifovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
TƏBİB-dən verilən məlumata görə, xəsarət alan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra onlar ixtisaslı müalicə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.
Məlumata görə, ailə Beyləqan rayonunda xidmət edən əsgərin yanına gedirmiş. Faktla bağlı araşdırma aparılır.
