KAFEDƏ BAŞ VERƏN QƏTL HADİSƏSİ: CİNAYƏTKAR DƏSTƏNİN ÜZVLƏRİ BARƏSİNDƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB
Bakıda kafedə baş vermiş qətl hadisəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslər barəsində məhkəmə qərarı açıqlanıb. Qətldə və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Məlumata görə, cinayət işi üzrə təqsirləndirilən şəxslər — Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu və Zülfiqarov Həsən Mehman oğlu barəsində məhkəməyə təqdimat daxil olub. Xətai Rayon Məhkəməsində baxılan təqdimatlar təmin edilib və onların hər biri barəsində oktyabrın 23-dən (Eldar Eldarov üzrə oktyabrın 24-dən) hesablanmaqla 04 ay həbs qətimkan tədbiri seçilib.Bununla yanaşı, Xətai Rayon Məhkəməsində təqsirləndirilən şəxs qismində cəlb edilən Kazımov İsmayıl Fərəməz oğlu barəsində də təqdimat təmin edilib və o, 4 aylıq müddətə azadlıqdan məhrum edilib.Diqqət çəkən məqamlardan biri də təqsirləndirilən şəxslər arasında yer alan, deputat Arzuxan Əlizadənin oğlu Əlizadə Əhməd Arzuxan oğlunun işi ilə bağlı olub. Qohumluq əlaqələri (hakimlərin özü-özünə etirazı və işin başqa məhkəməyə verilməsi zərurəti) ilə əlaqədar material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya instansiyasının qərarı ilə iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.1, 218.2 (cinayətkar birlik yaratma və ya ona qoşulma), 234.4.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda törədildikdə) və 29, 234.4 maddələri ilə ittiham irəli sürülüb.
