Limada 500 illik sirr açıldı: İtmiş xəstəxana və insan skeletləri tapıldı
Perunun paytaxtı Limada arxeoloqlar XVI əsrə aid, uzun müddət itmiş hesab olunan Espiritu Santo xəstəxanasının qalıqlarını aşkar ediblər. Prezident sarayının yaxınlığında aparılan qazıntılar zamanı binanın divarları, döşəməsi, insan skeletləri və nadir artefaktlar üzə çıxarılıb.
Xəstəxana 1570-ci illərdə yunan dənizçi Migel de Akosta tərəfindən İspaniya müstəmləkəsi dövründə Sakit okean limanlarına gələn xəstə dənizçilər üçün təsis edilib. Tədqiqatçılar ərazidə 6 insan skeleti ilə yanaşı, qədim keramika yağ lampası, rəngli mineral piqmentli plitələr və sümükdən işlənmiş bəzəkli döşəmə qalıqları tapıblar.

1821-ci ilə qədər fəaliyyət göstərən xəstəxananın bağlanma səbəbi hələ də bəlli deyil. Qazıntıların bir neçə ay davam edəcəyi və yeni tarixi faktların ortaya çıxacağı gözlənilir.
