QARADAĞDA DƏHŞƏTLİ QƏZA: 4 NƏFƏR ÖLÜB
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Aparılan əməliyyat nəticəsində deformasiyaya uğrayan avtomobildən 4 nəfərin meyiti, həmçinin 1 nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağı, sürət həddi və ara məsafəsinə əməl etməyi, yorğun və ya yuxusuz halda sükan arxasına keçməməyi xəbərdarlıq edib.
