SƏRXOŞ HALDA MAŞINI AŞIRDI – ARVADI ÖLDÜ, 12 YAŞLI OĞLU YARALANDI
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza ötən gecə saat 22 radələrində rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb.
Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Ələkbərov Şükür Yapon oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobili yol kənarına aşırıb. Nəticədə, sürücünün həyat yoldaşı 1993-cü il təvəllüdlü Ələkbərova Səyyarə Əhliman qızı hadisə yerində ölüb. Sürücünün oğlu 2014-cü il təvəllüdlü Əli xəsarət alıb.
Baş DYP İdarəsindən bildirilib ki, hadisə vaxtı sürücü sərxoş halda olub: “Oktyabrın 13-ü saat 22:00 radələrində Gədəbəy rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra sükanı arxasına keçdiyi “VAZ” markalı avtomobili rayonun Çanaqçı kəndi ərazisində aşırıb.
Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş əyləşən şəxslərin əksər hallarda nəticəsi ağır fəsadlarla bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır, belə qanunazidd əməllərə meyilli olan sürücüləri sözügedən ailə faciəsindən düzgün nəticə çıxarmağa çağırır”.
TƏBİB-dən bildirilib ki, Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (1 kişi, 3 azyaşlı) ötən gün saat 23:45 radələrində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: “Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə nəticəsində 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb”.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
