SƏUDİYYƏ ƏRƏBİSTANINA UÇAN TƏYYARƏDƏ BOMBA HƏYƏCANI: 100 NƏFƏR TƏXLİYƏ EDİLDİ
İtaliyanın Milan şəhərindən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçan “Flynas” aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba təhlükəsi siqnalı verilib.
AvazMedia xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində bu gün yerli vaxtla saat 14:45-də təyyarə Roma Fiumicino hava limanına məcburi eniş edib.
Göyərtədə olan təxminən 100 nəfər – 93 sərnişin və heyət üzvləri dərhal təxliyə olunub.
İtaliya polisi və təhlükəsizlik qüvvələri tərəfindən aparılan hərtərəfli yoxlamalar zamanı göyərtədə hər hansı təhlükəli əşya aşkar edilməyib.
İlkin məlumata görə, insidentə qadın sərnişinin həyəcanlı vəziyyətdə təyyarədə partlayıcı qurğunun olması barədə iddia qaldırması səbəb olub.
Yalan həyəcan siqnalı verən qadın sərnişinlə bağlı polis tərəfindən araşdırma başladılıb.
Təhlükəsizliyi tam təmin olunan təyyarənin yoxlamalardan sonra Ciddə istiqamətində uçuşunu davam etdirəcəyi bildirilib.
