XIRDALANDA İTKİN DÜŞƏN 12 YAŞLI MƏLƏK TAPILARAQ AİLƏSİNƏ TƏHVİL VERİLİB
Abşeron rayonunun Xırdalan şəhərində valideynlərini və ictimaiyyəti təşvişə salan həyəcanlı anlar müsbət xəbərlə yekunlaşıb.Əldə edilən məlumatlara görə, noyabrın 2-də saat 19:30 radələrində Xırdalan şəhərində yerləşən “Kristal-1” yaşayış kompleksindəki evindən çörək almaq adı ilə çıxan 12 yaşlı Mələk Zakir qızı İmanova geri qayıtmayıb. Yeniyetmə qızın fiziki məhdudiyyətli (bir qolunun olmaması) olması ailənin narahatlığını daha da artırıb.Mələyin yoxa çıxmasından dərhal sonra yaxınları həyəcan təbili çalaraq hüquq-mühafizə orqanlarına müraciət ediblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti tərəfindən azyaşlının axtarışa verilməsi təsdiqlənib və polis əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə tədbirlərinə start verilib.Polis əməkdaşlarının peşəkar və intensiv axtarışları nəticəsində Mələk İmanovanın yeri qısa müddətdə müəyyən olunub. O, gece saatlarında Bakının “Neftçilər” metrostansiyası ətrafında sağ-salamat tapılaraq dərhal ailəsinə təhvil verilib. Qızlarına qovuşan valideynlərin gərgin gözləntisi sevinclə əvəz olunub.
