20 SENTYABR- DÖVLET SUVERENLİYİNİN BƏRPASI GÜNÜ
20 Sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Bərpa Edilməsi Günü tariximizə yalnız hərbi-siyasi qələbə kimi deyil, həm də xalqımızın otuz illik haqsızlıqlara qarşı duruşunun, sarsılmaz iradəsinin və ədalətin bərpasının simvolu kimi düşdü. Bu tarix sadəcə təqvimdə qırmızı rənglə qeyd olunan gün deyil; bu, illərlə içimizdə yaşatdığımız, hər çətinlikdə daha da güclənən “bir gün qayıdacağıq” inancının reallığa çevrildiyi müqəddəs anın adıdır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyimiz acı reallıqlar, torpaq həsrəti hər bir azərbaycanlının qəlbində sağalmaz bir yara kimi qalmışdı. Ancaq xalqımız bu illər ərzində nə ümidini itirdi, nə də haqq yolundan döndü. Məhz bu dözüm və mətinlik 2020-ci ildə başlanan Böyük Zəfərin, 2023-cü ilin sentyabrında isə nöqtəsi qoyulan suverenlik təntənəsinin təməlini qoydu. Birgünlük lokal xarakterli antiterror tədbirləri Azərbaycan Respublikasının suveren hüquqlarını ölkənin bütün ərazisində tam bərpa etməklə yanaşı, beynəlxalq hüququn da praktiki təntənəsini nümayiş etdirdi.
Bu gün üçrəngli bayrağımız sərhədlərimizinin ən ucqar nöqtələrində dalğalanırsa, bu, heç kim tərəfindən bizə hədiyyə edilməyib. O bayraq Vətən müharibəsində və antiterror əməliyyatında canından keçən igidlərimizin qanı, qazilərimizin şücaəti bahasına ucaldı. Dalğalanan hər bayraqda bir qəhrəmanın imzası, hər qələbə səsi arxasında qalan acılı-şirinli tarixin izi var.
İndi isə 20 sentyabr yalnız keçmişin acılarını unutmağın deyil, həm də azad olunan torpaqlarda yenidən dirçələn həyatın, qurulan yolların, təməli qoyulan evlərin və əbədi sülhün ünvanıdır. Suverenliyimiz artıq mübahisə edilən deyil, yaşanan, hiss edilən və qorunan ən ali reallıqdır. Və bu reallıq xalqımızın yaddaşına əbədi olaraq qızıl hərflərlə yazıldı.
