Gədəbəy rayonunun Arıqdam kəndində ölümlə nəticələnən qanlı cinayət baş verib. Kənd sakini, 53 yaşlı İlham Hüseynov kəsici alətlə vurularaq hadisə yerində dünyasını dəyişib.
Hadisənin təfərrüatlarına görə, İlham Hüseynov ilə onun 51 yaşlı həmkəndlisi Qalib Məmmədov arasında ilk mübahisə kənddəki restoranların birində keçirilən toy məclisində yaranıb. Həmin vaxt ətrafdakılar tərəfləri sakitləşdirə bilsələr də, Qalib Məmmədov az sonra məclisin keçirildiyi məkanın yaxınlığına gələrək orada nərd oynayan İlham Hüseynova hücum edib vər kəsici alətlə ona ağır xəsarət yetirib. İ.Hüseynov aldığı xəsarətlərdən elə hadisə yerindəcə həyatını itirib.

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qalib Məmmədov saxlanılıb. Məlumata görə, hər iki şəxs ailəlidir.Mərhumun meyiti məhkəmə-tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib. Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
