KİMİ ANTONELLİ İTALİYA QRAN-PRİSİNİN QALİBİ OLUB
“Mercedes” komandasının pilotu Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının İtaliya Qran-Prisində möhtəşəm qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, Monza avtodromunda keçirilən yarışda 20 yaşlı italiyalı pilot starta 19-cu pillədən başlayıb. Antonelli finişə qədər möhtəşəm geridönüş edərək komanda yoldaşı Corc Rasseli geridə qoyub və yarışın qalibi olub.
Antonelli finişə üç dövrə qalmış Rasseli keçərək karyerasının ən yaddaqalan qələbələrindən birini qazanıb. Bu nəticə ilə italiyalı pilot çempionatın liderliyini möhkəmləndirib və ən yaxın izləyicisi ilə xal fərqini 66-ya çatdırıb.
Kimi Antonellinin qələbəsi Formula 1 tarixində start mövqeyindən ən böyük geridönüşlərdən biri kimi tarixə düşüb. O, bu göstəricidə yalnız 1983-cü ildə ABŞ Qərb Qran-Prisində 22-ci pillədən başlayaraq qalib gələn Con Uotsondan geri qalır.
Antonelli yarışın ilk dövrələrində 12-ci pilləyə qədər yüksəlib. “Ferrari”nin pilotu Şarl Leklerin qəza etməsindən sonra yarış dayandırılıb. Yenidən startdan sonra isə italiyalı pilot ardıcıl olaraq rəqiblərini geridə qoyaraq liderlər qrupuna yaxınlaşıb.
Yarışın ortalarında virtual təhlükəsizlik avtomobili rejimindən istifadə edən “Mercedes” komandası Antonellini pit-stopa çağırıb. Yeni təkərlərlə mübarizəni davam etdirən italiyalı pilot 15 saniyəlik fərqi aradan qaldıraraq Rasselə çatıb və son dövrələrdə komanda yoldaşını keçərək qələbəni təmin edib.
İkinci yeri Corc Rassel, üçüncü yeri isə “Red Bull”un pilotu Maks Verstappen tutub. “McLaren” pilotları Lando Norris və Oskar Piastri müvafiq olaraq dördüncü və beşinci olublar. “Ferrari”nin digər pilotu Luis Hamilton yarışı altıncı pillədə başa vurub.
Qeyd edək ki, Kimi Antonelli 1966-cı ildə Lüdoviko Skarafiottidən sonra Monzada İtaliya Qran-Prisini qazanan ilk italiyalı pilot olub.
İtaliya Qran-Prisindən sonra Formula 1 üzrə növbəti yarış sentyabrın 11-13-də Madriddə keçiriləcək. Bu, İspaniya Qran-Prisinin yeni “Madrinq” trasında ilk dəfə təşkil olunması olacaq.
