SABUNÇU KÖRPÜSÜNDƏ ÖTƏNİLKİ MƏNZƏRƏ TƏKRARLANACAQ? – ADSEA-DAN CAVAB
Payızın gəlişi, kəskin hava şəraiti və leysan yağışları xəbərdarlığı paytaxtda köhnə problemləri yenidən gündəmə gətirdi. Hər il yağış yağanda küçələrin su altında qalması və nəqliyyatın iflic olması artıq adiləşdi.Ən kritik məqam isə Sabunçu körpüsünün altındakı acınacaqlı mənzərədir. Ötən il yaşanan faciəvi hadisələr və suda boğulma təhlükəsi hələ də yaddaşlardadır. Yağış yağan kimi körpünün altı gölə çevrilir və eyni təhlükəli ehtimallar reallaşır. Üstəlik, şəhərdə aparılan yol təmirləri kəskin hava ilə üst-üstə düşərək tıxacları pik həddə çatdırdı, sürücülər və sərnişinlər çətin vəziyyətdə qaldılar.
Məsələ ilə bağlı “Avaz Media”nın sorğusuna cavab olaraq İri Şəhərlərin Su Təchizatı xidmətindən bildirildi ki, hazırda mövsümlə əlaqədar zəruri hazırlıqlar görülür, yağış barmaqlıqları təmizlənir və xətlər yuyulur. Qurumdan həmçinin qeyd olundu ki, bu işlər mövsümi xarakter daşıyır. Problemin köklü həlli isə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində inşa ediləcək yeni kanalizasiya xətləri və kollektorlar sayəsində mümkün olacaq.Ümid edirik ki, görülən tədbirlər nəticə verər və bu il həmin acı mənzərə ilə yenidən üzləşmərik.
