BAKIDAKI DÜNYA ÇEMPİONATI: ÜÇ CÜDOÇUMUZ MEDAL MƏRHƏLƏSİNDƏ
Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycanın daha 4 təmsilçisi – Madina Kaisinova (+78 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulub.
Yarışın növbəti günündə ağır çəkili cüdoçularımız uğurlu çıxışları ilə diqqət çəkiblər.
Mundiala 1/32 finaldan start verən Camal Qamzatxanov ardıcıl olaraq Çili təmsilçisi Fransisko Solisi ipponla, ardından xorvatiyalı Nikita Sviridi və özbəkistanlı Muzaffarbek Turoboyevi məğlub edib. 1/4 finalda niderlandlı Yur Spiykersə də qalib gələn cüdoçumuz yarımfinala yüksəlib. Yarımfinalda rusiyalı İnal Tasoevə məğlub olan Qamzatxanov mübarizəni bürünc medal görüşündə davam etdirəcək.
Yarışa 1/16 finaldan başlayan Uşanqi Kokauri ilk qarşılaşmasında Qırğızıstan idmançısı Emirxan Yoldoşkazıyevi ipponla keçib, 1/8 finalda isə polşalı Yakub Sordiyə qalib gəlib. 1/4 finalda milli komandada komanda yoldaşı Kənan Nəsibovla üz-üzə gələn Kokauri cərimə xalları hesabına qələbə qazanaraq yarımfinala adlayıb. Yarımfinalda finlandiyalı Martti Puumalainenə qalib gələn Uşanqi Kokauri dünya çempionatının finalına vəsiqə qazanıb.
Kokauriyə uduzan Kənan Nəsibov isə təsəlliverici görüşdə qələbə qazanaraq bürünc medal uğrunda yarışmaq hüququ əldə edib. Nəsibov bundan əvvəlki mərhələlərdə almaniyalı Losseni Koneyə və 1/8 finaldakı rəqibinə qalib gəlmişdi.
Qadınların mübarizəsində isə Madina Kaisinova yarışa 1/16 final mərhələsindən start verib və ilk görüşdə İtaliya təmsilçisi Asya Tavano ilə qarşılaşıb.
Xatırladaq ki, oktyabrın 11-də başa çatacaq mundialda daha əvvəl Azərbaycan milli komandasının heyətində Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.
