SÜKAN ARXASINDA BİR ANLIQ SƏHV VƏ BÖYÜK FACİƏ: YOL POLİSİNDƏN SÜRÜCÜLƏRƏ HƏYƏCAN TƏBİLİ
Son günlər yol-nəqliyyat hadisələrinin, xüsusilə ağır nəticələrlə müşayiət olunan qəzaların artması yol hərəkəti təhlükəsizliyinə daha ciddi və məsuliyyətli yanaşmağı zəruri edir. Hər bir ağır qəzanın arxasında insan həyatı, doğmalarını itirən ailələr və bəzən bir anlıq yanlış qərarın illərlə davam edən ağır nəticələri dayanır.
Sürət həddinin aşılması, təhlükəli ötmə və manevrlər, ara məsafəsinin düzgün saxlanılmaması, eləcə də sükan arxasında diqqətin yayındırılması yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır. Yolda verilən yanlış qərar və ya bir neçə saniyəlik diqqətsizlik geri dönüşü olmayan faciəyə səbəb ola bilər.
Yol hərəkətində təhlükəsizlik hər bir sürücünün məsuliyyətli davranışından başlayır. Mənzil başına tez çatmaq naminə edilən risk, tələskənlik və ya bir anlıq ehtiyatsızlıq həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına ata bilər.
Bir daha bütün sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sükan arxasında diqqətli, səbirli və məsuliyyətli olmağa çağırırıq. Bir anlıq tələskənlik və ya ehtiyatsızlıq ömür boyu davam edən peşmanlığa çevrilməsin. Hər səfərin sonunda sizi gözləyən doğmalarınızın olduğunu unutmayın.
